İngiltərənin “Lester Siti” klubu hücumçusu Ceymi Vardiylə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2024-cü ilin yayına kimi "tülkülər"in uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.
Vardi 2012-ci ildə “Flitvud Taun”dan “Lester Siti”yə transfer olunub. Geridə qalan 10 ildə bu komandanın heyətində 387 oyuna çıxan futbolçu, 164 qola imza atıb. Bununla da o, klub tarixinin ən yaxşı üçüncü bombardiridir. Təcrübəli hücumçu İngiltərə milli komandasında da 26 oyun keçirib, 7 qol vurub.