28 noyabr 2024. Cümə axşamı

İtaliya klubunda bir yeni transfer, üç ayrılıq


  • Transfer
  • 17:48 21.08.2022
  • Oxunma sayı: 88
İtaliya klubunda bir yeni transfer, üç ayrılıq
İtaliyanın “Empoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Parma”nın yarımmüdafiəçisi Alberto Qrassini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Müqavilədə futbolçunun satın alınmasına dair də müvafiq bənd var. İtalyan futbolçu yeni komandasında 5 nömrəli formanı geyinəcək.
 
Alberto Qrassi “Atalanta”nın yetirməsidir. O, 2016-cı ildə bu klubdan “Napoli”yə transfer olunsa da, Neapol təmsilçisində əsas komandaya düşə bilməyib. Bu üzdən də o, yenidən “Atalanta”ya, həmçinin SPAL-a icarəyə göndərilib. 2018-2020-ci illər aralığında “Parma”da icarədə oynayan yarımmüdafiəçinin transfer hüquqları da alınıb. İtaliyanın U-21 yığmasının sabiq üzvü ötən mövsümü də icarə əsasında “Kalyari”də keçirib.
 
“Empoli” sol cinah müdafiəçisi Fabiano Parisi ilə də yeni müqavilə bağlayıb. 21 yaşlı futbolçu yeni sözləşmə ilə 2025-ci ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışacaq. “Benevento”nun yetirməsi olan futbolçu 2020-ci ildən “Empoli”də çıxış edir. İtaliyanın gənclərdən ibarət yığmasının üzvü A Seriyası təmsilçisində 2 mövsüm ərzində 45 oyun keçirib, 1 qolla yadda qalıb. O, daha öncə “Avellino”da da çıxış edib.
 
“Empoli” yarımmüdafiəçisi Leo Ştulaçı “Palermo”ya, hücumçusu Davide Merolanı isə “Kozensa”ya icarəyə verdiyini də diqqətə çatdırıb. 22 yaşlı Merola Milan “İnter”inin yetirməsidir. İtalyan futbolçu 2019-cu ildən formasını geyindiyi “Empoli”də cəmi 6 oyun keçirib, 2 qol vurub. O, əvvəlki mövsümlərdə “Arezzo”, “Qrosseto” və “Foccia”da da icarədə olub.
 
Iep Ştulaç da 2019-cu ildən “Empoli”də çıxış edirdi. 27 yaşlı futbolçu bu komandada 83 oyun keçirib və  7 qol vurub. Sloveniya yığmasının üzvü daha öncə “Parma”, “Venesiya”, “Jadran Dekani” və “Koper”də də forma geyinib. Ştulaç ölkəsinin yığmasında 8 oyun keçirib.
 
İtaliya klubu qapıçısı Yakopo Furlanla isə yollarını ayırıb. 29 yaşlı qolkiper bundan sonrakı karyerasını “Palermo”da davam etdirəcək. O, 2020-ci ildən “Empoli”nin uğurları üçün çalışırdı. İtaliyalı oyunçu daha öncə “Viarecco”, “Lumessane”, “Monopoli”, “Trapani”, “Katanzaro” və “Kataniya”da da çıxış edib.






Transfer