Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi israilli yarımmüdafiəçi Dia Sabanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Saba son olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edib. Peşəkar karyerasına “Beytar” (Tubruk) komandasında başlamış yarımmüdafiəçi, ölkəsində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Beer Şeva), “Bney Saxnin”, “Makkabi” (Petah Tikva) və “Makkabi” (Netanya) klublarının da formasını geyinib. O, “Əl-Nəsr”dən öncə Çinin “Quançjou” klubunda da legioner həyatı yaşayıb. Hücumameylli yarımmüdafiəçi karyerası ərzində 290 matça çıxıb, 96 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub. O, İsrail yığmasında da 11 oyuna 3 qolla yadda qalıb.