28 noyabr 2024. Cümə axşamı

Everton'un futbolçusu rəsmən Beşiktaş'da


  • Transfer
  • 23:18 25.08.2022
  • Oxunma sayı: 81
Everton'un futbolçusu rəsmən Beşiktaş'da
İngiltərənin "Everton" klubu hücumameylli yarımmüdafiəçisi Dele Allini icarəyə göndərib. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonra Türkiyənin “Beşiktaş” klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İstanbul təmsilçisi ingilis yarımmüdafiəçini bir mövsümlük icarəyə götürüb.
 
“Beşiktaş” bir illik icarə üçün “Everton”a pul ödəməyəcək. Əvəzində oyunçu bir mövsüm üçün İstanbul təmsilçisində 2.2 milyon avro qazanacaq. Üstəlik, futbolçu oynadığı matç sayına və meydanda olduğu zamana görə də əlavə mükafatlar əldə etmək şansına malikdir.
 
Dele Alli peşəkar karyerasına “Milton Kins Dons” komandasında başlayıb. O, 2015-ci ildə məhz bu klubdan “Tottenhem”ə transfer olub. London təmsilçisində 269 oyuna 67 qol vurmuş futbolçu, bu ilin yanvarında azad agent kimi “Everton”a cəlb olunmuşdu. O, bu komandada cəmi 13 oyuna çıxsa da, fərqlənə bilməyib. 26 yaşlı futbolçu İngiltərə yığmasında keçirdiyi 37 oyunda 3 qola imza atıb.
 
“Beşiktaş” yarımmüdafiəçisi Kartal Yılmazı da “Ümraniyəspor”a icarəyə verib. 21 yaşlı futbolçu icarəyə göndərilməzdən, onun 2024-cü ilə qədər olan müqaviləsinin müddəti daha 1 il artırılıb. Daha sonra o, Super Liqanın digər təmsilçisinə bir mövsümlük icarəyə verilib. “Beşiktaş”ın öz yetirməsi olan Kartal Yılmaz, ötən mövsüm də “Ümraniyəspor”da icarədə oynayıb, 45 oyuna 1 qol vurub.






Transfer