Türkiyə çempionu “Trabzonspor” heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Trabzon təmsilçisi “Everton” klubunun yarımmüdafiəçisi Jan-Filipp Qbameni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu London klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Super Liqa klubu bu transfer üçün qarşı tərəfə heç bir ödəniş etməyəcək. Əvəzində Fil Dişi Sahili yığmasının üzvünə bir mövsüm üçün 1.5 milyon avro ödəniləcək. Yeni transfer 25 nömrəli formanı geyinəcək.
Jan-Filipp Qbamen Fransanın “Lans” klubunun yetirməsidir. O, 2016-cı ildə Almaniyanın “Maynts” klubuna transfer olunub və 3 il Bundesliqada çıxış edib. Dayaq yarımmüdafiəçisi 2019-cu ildən “Everton”un uğurları üçün çalışırdı. Lakin o, bu komandada əsas heyət üzvünə çevrilə bilməyib. Premyer Liqa təmsilçisində cəmi 13 oyuna çıxan və 2 qolla yadda qalan yarımmüdafiəçi, geridə qalan mövsümdə də Rusiyanın ÇSKA (Moskva) klubunda icarədə olub. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, 2017-ci ildən Fil Dişi Sahili millisinə dəvət alır. O, bu komandanın heyətində 11 matç keçirib.