Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisinin "sükan"ı Ömər Ərdoğana tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Yeni baş məşqçi bu postda ötən gün istefa vermiş Mustafa Dalcını əvəz edib.
Mustafa Dalcı 2021-ci ilin yanvarından “Ankaragücü” komandasına rəhbərlik edirdi. Sözügedən kollektiv onun rəhbərliyi altında ötən mövsüm TFF 1-ci liqanın qalibi olaraq Super Liqaya vəsiqə qazanıb. Lakin Super Liqada bu mövsüm baş tutmuş 4 turdan sonra Ankara təmsilçisi cəmi 1 xal toplaya bilib.