Almaniyanın “Bayer” klubu hücumçusu Yoel Pohyanpalo ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonrakı karyerasını İtaliyanın “Venetsiya” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İtaliya klubu finlandiyalı futbolçu üçün Bundesliqa klubuna 2.5 milyon avro ödəyib. Pohyanpalo isə yeni klubu ilə 3+2 illik müqavilə imzalayıb.
Yoel Pohyanpalo 2013-cü ildən “Bayer”də çıxış edirdi. O, Bundesliqa təmsilçisində cəmi 26 oyuna çıxıb və 8 qolla yadda qalıb. Bu üzdən də futbolçu “Aalen”, “Fortuna” (Düsseldorf), “Hamburq”, “Union Berlin”, “Rizəspor” kimi klublarda icarədə çıxış edib. O, geridə qalan mövsümdə oynadığı Türkiyə klubunda 33 oyuna 16 qol vurub.
Pohyanpalo daha öncə öz ölkəsində “Klubi-04” və HJK klublarının da formasını geyinib. O, Finlandiya yığmasında keçirdiyi 56 oyunda da 13 qol vurub.
“Bayer” yarımmüdafiəçisi Yulian Baumqartlingerlə də yollarını ayırdığını diqqətə çatdırıb. 34 yaşlı futbolçu azad agen kimi “Auqsburq”a keçib. Avstriyadan olan oyunçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Yulian Baumqartlinger 2016-cı ildən “Bayer”in şərəfini qoruyurdu. O, bu komandanın heyətində meydana çıxdığı 152 oyunda 6 qol vurub. Yarımmüdafiəçi daha öncə “1860 Münhen”, “Austriya” (Vyana) və “Maynts”da da forma geyinib. Baumqartlinger Avstriya yığmasında da 84 oyun keçirib, 1 qol vurub.