Almaniyanın “Auqsburq” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi hücumçu Ermedin Demiroviçlə yarımmüdafiəçi Elvis Rexbeçayı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Frayburq”dan azad agent kimi keçən 24 yaşlı Demiroviçlə 4 illik müqavilə imzalanıb. “Volfsburq”dan 1.7 milyon avroya transfer edilən Rexbeçay da yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Ermedin Demiroviç 2020-ci ildən “Frayburq”da çıxış edirdi. O, bu komandada keçirdiyi iki mövsüm ərzində 69 oyuna çıxıb, 8 qol vurub. Bosniyalı futbolçu daha öncə “Leypsiq”, “Alaves”, “Soşo”, “Almeriya”, “Senkt Qallen” kimi klubların da formasını geyinib.Demiroviç Bosniya və Herseqovina yığmasında 13 oyuna çıxsa da, heç bir qolla yadda qala bilməyib.
Elvis Rexbeçay isə “Volfsburq”un öz yetirməsidir. 24 yaşlı yarımmüdafiəçi son iki mövsümdə “Köln” və “Bohum”da icarədə olub. O, doğma klubunun əsas komandasında 32 oyun keçirib, 2 qol vurub.
“Auqsburq” hücumameylli yarımmüdafiəçisi Yan Moraveklə də yollarını ayırdığını diqqətə çatdırıb. 32 yaşlı futbolçu peşəkar karyerasına başladığı “Bohemians” komandasına keçib. 2012-ci ildən “Auqsburq”un uğurları üçün çalışan Moravek, bu komandada cəmi 71 oyuna çıxıb, 2 qolla yadda qalıb. O, Almaniyada “Şalke” və “Kayzerslautern”in də formasını geyinib. Yarımüdafiəçi Çexiya yığmasında 3 oyuna çıxıb.
Auqsburqlular müdafiəçisi Feliks Götseni də “Rot Vays Essen”ə icarəyə veriblər. 24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq. “Bayern”in yetirməsi olan almaniyalı müdafiəçi 2018-ci ildən “Auqsburq”da çıxış edir. Lakin bu klub onu əvvəlki mövsümlərdə də “Kayzerslautern”ə icarəyə vermişdi.