27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubundan 43 milyonluq transfer


  • Transfer
  • 09:05 30.08.2022
  • Oxunma sayı: 97
Premyer Liqa klubundan 43 milyonluq transfer
Fransanın “Olimpik” (Lion) klubu hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa karyerasını İngiltərədə davam etdirəcək. Corner.az xəbər verir ki, İngiltərənin “Vest Hem” klubu 25 yaşlı futbolçunu transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Premyer Liqa təmsilçisi bu transfer üçün Liqa 1 təmsilçisinə 43 milyon avro ödəyib. Braziliyalı oyunçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb.
 
Lukas Paketa Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. O, 2019/20 mövsümünü İtaliya “Milan”ında keçirdikdən sonra 2020-ci ilin sentyabrında 23.44 milyon avroya Lion “Olimpik”inə transfer olunmuşdu. Yarımmüdafiəçi Liqa 1 təmsilçisində 80 oyuna çıxıb, 21 qola imza atıb. O, Braziliya yığmasında da 33 oyuna 7 qolla yadda qalıb.
 
“Vest Hem” oyunçuları – yarımmüdafiəçi Den Çesterslə hücumçu Mipo Odubekonu da icarəyə verib. 19 yaşlı irland Odubeko “Port Veyl”in, 20 yaşlı ingilis Çesters isə “Kolçester Yunayted”in  uğurları üçün çalışacaq. Hər iki oyunçu mövsümün sonuna kimi icarədə çıxış edəcək.
 
Yeri gəlmişkən, Lion “Olimpik”i də hücumçusu Tino Kadevereni İspaniyanın “Malyorka” klubuna icarəyə göndərib. 26 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. La Liqa klubu 1 illik icarə üçün Fransa klubuna 400 min avro ödəyib. Mövsümün sonunda oyunçunun transfer hüquqlarını almaq üçün “Olimpik”ə əlavə 8.5 milyon avrosundan keçmələri lazım gələcək.“Malyorka” Kadevereni  birdəfəlik transfer edərsə gələcəkdəki satışından əldə olunacaq gəlirdən də 20 faizini Lion klubuna verəcək.
 
Tino Kadevere “Olimpik”ə 2020-ci ilin qışında “Havr” klubundan 12 milyon avro qarşılığından transfer olunub. O, bu komandada meydana çıxdığı 53 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Zimbabveli hücumçu daha öncə “Harare Siti”, “Yurqarden” kimi klublarda da forma geyinib. O, Zimbabve yığmasında 19 oyuna çıxıb, 3 qola imza atıb.






Transfer