İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Şalke” klubunun müdafiəçisi Malik Tiavı transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin digər detalları barədə açıqlama verilməyib.
Malik Tiav “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Almaniyalı futbolçu bu komandada 61 oyuna çıxıb, 3 qol vurub. Mərkəz müdafiəçisi Almaniyanın U-21 yığmasında da forma geyinir.
“Milan” oyunçuları Fikayo Tomori və Tommazo Pobeqa ilə də yeni müqavilə bağlayıb. Hər iki futbolçunun yeni müqavilə ilə 2027-ci ilə qədər bu klubun uğurları üçün çalışacaq.
Fikayo Tomori 2021-ci ilin yayında “Çelsi”dən 28.8 milyon avroya transfer olunub. O, daha öncə icarə əsasında da oynadığı bu komandada bütövlükdə 65 matça çıxıb, 2 qol vurub. İngiltərə yığmasının da üzvü olan 24 yaşlı mərkəz müdafiəçisi əvvəllər “Çelsi”dən başqa “Brayton”, “Hall Siti” və “Derbi Kaunti”nin də uğurları üçün çalışıb.
Tommazo Pobeqa isə “Milan”ın öz yetirməsidir. 23 yaşlı yarımmüdafiəçi bu mövsümdən klubun əsas komandasında oynamağa başlayıb və cəmi 2 matça çıxıb. O, əvvəllər “Ternana”, “Pordenone”, “Spetsiya” və “Torino” kimi komandalarda icarədə oynayıb. Pobeqa İtaliya yığmasında da 1 rəsmi matça çıxıb.
“Milan” daha bir gənc yarımmüdafiəçisi – Marko Breşianinini də “Kozentsa”ya icarəyə verib. Daha öncə “Virtus Entella” və “Montsa”da da icarədə olmuş 22 yaşlı futbolçu bu mövsümün sonuna kimi “Kozentsa”da çıxış edəcək. İtaliyanın U-21 yığmasında da oynamış Breşianini, “Milan”ın əsas komandasında cəmi 1 matça çıxıb.
Malik Tiavı “Milan”a satan “Şalke”də daha iki ayrılıq qeydə alınıb. Müdafiəçi Marius Lode azad agent kimi bu komandanı tərk edib. Norveçdən olan 29 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir. Daha öncə “Bryune” və “Bodo Qlimt”də oynamış futbolçu “Şalke”yə bu ilin yanvarında azad agent kimi qoşulmuşdu. Lakin o, Bundesliqa klubunda cəmi 6 matça çıxıb.
Qapıçı Martin Frayzl isə “Şalke”dən azad agent kimi ayrılaraq “Arminiya”ya (Bilefeld) keçib. Avstriyadan olan 29 yaşlı qolkiper 2021-ci ildən “Şalke”də çıxış edirdi. O, bu komandada 26 oyuna çıxıb. Frayzl daha öncə “Den Haaq”, “Sandhauzen”, “Botoşani” kimi klubların da formasını geyinib.