Fransa “Monako”su yarımmüdafiəçisi Sofian Diopla yollarını ayırıb. Corner.az xəbər verir ki, Liqa 1-in digər təmsilçisi “Nitsa” 22 yaşlı futbolçunu transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Nitsa” bu transfer üçün 18 milyon avro ödəyib. Seneqallı oyunçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.
Sofian Diop Fransanın “Renn” klubunun yetirməsidir. O, 2018-ci ildə azad agent kimi “Monako”ya cəlb olunmuşdu. Knyazlıq təmsilçisi yarımmüdafiəçini 2019/20 mövsümündə “Soşo”ya da icarəyə verib. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu “Monako”da bütövlükdə 105 matça çıxıb, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Monako” digər oyunçusu – Entoni Musabanı da “Mets” klubuna icarəyə göndərib. 21 yaşlı forvardın bu mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb. Niderlanddan olan futbolçu 2020-ci ildə “NEK Neymegen”dən transfer olunub. O, əvvəlki mövsümlərdə “Serkl Brügge” və “Herenven” klublarında da icarədə oynayıb.
Sofian Diopla güclənən “Nitsa” isə müdafiəçisi Flavius Danilyuku İtaliyanın “Salernitana” klubuna satıb. Bu keçid İtaliya klubuna 5 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
Avstriyadan olan oyunçu Almaniyanın “Bavariya” klubunun yetirməsidir. O, 2020-ci ildən “Nitsa”da forma geyinirdi. Mərkəz müdafiəçisi bu komandada 53 oyuna çıxıb, 1 qol vurub.