28 noyabr 2024. Cümə axşamı

Super Liqa klubunda bir yeni futbolçu, bir ayrılıq


  • Transfer
  • 17:19 31.08.2022
  • Oxunma sayı: 101
Super Liqa klubunda bir yeni futbolçu, bir ayrılıq
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq “Hatayspor”da forma geyinən Mame Diufu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Konya təmsilçisi Diufun azad agent kimi gəldiyi üçün heç bir ödəniş etməyib.  O, yeni komandasında 99 nömrəli formanı geyinəcək.
 
Mame Diuf 2020-ci ildən “Hatayspor”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 2 mövsüm ərzində 75 oyuna çıxıb, 31 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Seneqallı futbolçu daha öncə “Diaraf”, “Molde”, “Mançester Yunayted”, “Blekbern Rovers”, “Hannover” və “Stok Siti” kimi klublarda da forma geyinib. O, Seneqal yığmasında 47 oyuna 10 qol vurub.
 
“Konyaspor” öz hücumçusu Sokol Çikalleşini isə Səudiyyə Ərəbistanının “Əl-Xalej” klubuna icarəyə verib. Ərəblər 32 yaşlı forvardı satınalma şərti ilə icarəyə götürüblər. Transferin digər detalları barədə məlumat verilməyib.
 
Çikalleşi 2020-ci ildən Konya klubunun uğurları üçün çalışırdı. O, bu komandada meydana çıxdığı 76 oyunda 18 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Albaniyalı forvard daha öncə Türkiyədə “Başakşəhər”, “Akhisar Bələdiyyəspor”, “Osmanlıspor” və “Göztəpə”nin də formasını geyinib. Onun oynadığı komandalar arasında “Besa”, “Skenderbeu”, “Tirana”, “İnçeon Yunayted”, “Kukesi”, “Split” kimi klublar da var. Çikalleşi Albaniya yığmasında 47 oyunda meydana çıxıb, 12 qol vurub.






Transfer