Türkiyənin “Adana Dəmirspor” klubu hücumçusu Mario Balotelli ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adana klubu italiyalı futbolçunu İsveçrə “Sion”una satıb. İsveçrə klubu bu transfer üçün Super Liqa təmsilçisinə 2 milyon 620 min avro ödəyib. Balotelli yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Mario Balotelli “Adana Dəmirspor”a ötən ilin iyul ayında azad agent kimi qoşulmuş və 3 illik müqaviləyə imza atmışdı. O, ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 33 oyunda 19 qola imza atmış, 4 məhsuldar ötürmə müəllifi olmuşdu. Bu mövsüm isə cəmi 2 oyuna çıxan forvard, 72 dəqiqə mübarizə aparmışdı.
Balotelli Adana klubundan öncə “Montsa”, “Breşiya”, “Olimpik” (Marsel), “Nitsa”, “Milan”, “Liverpul”, “Mançester Siti”, “İnter” kimi komandalarda da forma geyinib. O, İtaliya millisində 36 oyuna 14 qol vurub.