İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Əndəlüs təmsilçisi “Real Sosyedad”dan Adnan Yanuzayı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent kimi heyətə cəlb olunan belçikalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Real Sosyedad” Adnan Yanuzayı 2017-ci ildə 8.5 milyon avroya “Mançester Yunayted”dən transfer etmişdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 168 oyuna çıxıb, 23 qol vurub. 27 yaşlı vinger “Real Sosyedad” və “Mançester Yunayted”dən əlavə, Dortmund “Borussiya”sında və “Sanderlend”də də çıxış edib. Adnan, Belçika yığmasında 15 oyuna çıxıb, 1 qola imza atıb.
La Liqa təmsilçisi hücumçusu Munir El Haddadini isə “Xetafe”yə satıbsa, Lukas Okamposla İvan Romeronu da icarəyə göndərib.
Mərakeşli futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlamayıb. O, 2019-cu ildən oynadığı “Sevilya”da meydana çıxdığı 113 rəsmi matçda 25 qola və 7 məhsuldar ötürməyə imza atıb. 27 yaşlı hücumçu daha öncə “Barselona”, “Valensiya” və “Alaves”də də oynayıb. O, Mərakeş yığmasında da 11 oyuna 2 qolla yadda qalıb.
Okampos mövsümün sonunadək Niderland “Ayaks”ının, Romero isə “Tenerife”nin uğurları üçün çalışacaq. Klubun öz yetirməsi olan 21 yaşlı Romero əsas komandada 11 oyun keçirib.
Lukas Okampos isə “Ayaks”a satınalma şərti ilə icarəyə verilib. Niderland klubu 1 illik icarə üçün “Sevilya”ya 4 milyon avro ödəyib. Mövsümün sonunda isə futbolçunun birdəfəlik transferi üçün əlavə 25 milyon avro ödəniləcək. .İspaniya klubu bu oyunçunu 2019-cu ildə Marsel “Olimpik”indən 15 milyon avroya heyətinə qatmışdı.
Okampos “Sevilya”da keçirdiyi 135 oyunda 34 qol vurub. Argentinalı futbolçu daha öncə “River Pleyt”, “Monako”, “Cenoa” və “Milan”da da oynayıb. O, Argentina yığmasında 10 oyuna çıxıb, 2 qola imza atıb.