27 oktyabr 2024. Bazar günü

Fənərbaxça'da daha iki ayrılıq


  • Transfer
  • 11:18 02.09.2022
  • Oxunma sayı: 95
Fənərbaxça'da daha iki ayrılıq
Türkiyənin “Fənərbaxça” klubu iki futbolçusunu icarəyə verib. Corner.az xəbər verir ki, Tyaqo Çukur “Dender”ə (Belçika), Dimitrios Pelkas isə “Hall Siti”yə (İngiltərə) icarəyə göndərilib.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcək.

Tyaqo Çukur İstanbul klubuna elə bu yay İngiltərə “Uotford”undan 250 min avro qarşılığında transfer olunmuşdu. 19 yaşlı hücumçu ötən mövsümü də “Donkaster Rovers”də icarədə keçirib. Niderlandda dünyaya göz açmış futbolçu, Türkiyənin əsas millisində 1 rəsmi matça çıxış edib. İstanbul klubu onu “Dender”ə satınalma şərti olmadan icarəyə verib.
 
Dimitris Pelkas isə 2020-ci ilin oktyabrından “Fənərbaxça”da çıxış edir. İstanbul nəhəngi onu həmin vaxt PAOK-dan 2.2 milyon avroya transfer etmişdi. Hücumameyilli yarımmüdafiəçi bu komandada 67 oyuna çıxıb. 28 yaşlı futbolçu bu matçlarda 13 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Yunanıstan yığmasında 26 oyuna 1 qol vurmuş Pelkas, “Apollon” (Kalamarias) və “Vitoriya” (Setubal) kimi klubların da formasını geyinib.
 
Xatırladaq ki, türkiyəli Acun Ilıcalının rəhbərlik etdiyi “Hall Siti” daha öncə “Fənərbaxça”dan Allahyar Sayyadmaneş və Ozan Tufanı da heyətinə qatmışdı.

Yeri gəlmişkən, “Hall Siti” Türkiyənin “Hatayspor” klubundan azad agent kimi ayrılan Adama Traoreni də transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. “Hatayspor” malili futbolçunu 2020-ci ildə “Monako”dan transfer etmişdi. O, bu komandada 54 oyuna çıxıb, 1 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Mets”, “Brügge”, “Rio Ave”, “Muskron”, “Lill” və “Bakaridjan” kimi klubların da formasını geyinmiş yarımmüdafiəçi, Mali yığmasında 14 oyuna 3 qol vurub.






Transfer