27 oktyabr 2024. Bazar günü

PSJ-də 18 milyonluq yeni futbolçu və 5 ayrılıq


  • Transfer
  • 11:24 02.09.2022
  • Oxunma sayı: 104
PSJ-də 18 milyonluq yeni futbolçu və 5 ayrılıq
Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Valensiya” klubundan Karlos Soleri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Parislilər bu transfer üçün “yarasalar”a 18 milyon avro ödəyib.
 
Karlos Soler “Valensiya”nın yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında oynayırdı. Yarımmüdafiəçi La Liqa təmsilçisində bütövlükdə 226 matça çıxıb, 36 qol vurub. İspaniya yığmasının da üzvü olan 25 yaşlı futbolçu, 9 oyunda 3 dəfə fərqlənib.
 
PSJ öz yarımmüdafiəçisi İdrissa Geyeni isə İngiltərənin “Everton” klubuna satıb. Paris təmsilçisi bu transferdən 6 milyon avro qazanıb. 32 yaşlı futbolçu Premyer Liqa klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
 
Parislilər İdrissa Geyeni 2019-cu ildə məhz “Everton”dan, 30 milyon avro qarşılığında transfer etmişdilər. Seneqallı oyunçu Liqa 1 nəhəngində 111 oyuna 7 qol vurub. O, bu iki klubdan başqa, “Aston Villa”, “Lill” və “Diambars”da da forma geyinib, Seneqal yığmasında 94 oyuna 7 qola imza atıb.

Paris klubu dörd futbolçusunu da icarəyə verib. Layvin Kurjava “Fulhem”ə, Abdu Diallo “Leypsiq”ə, Yulian Draksler “Benfika”ya, Anfane Ahamada isə “Martig”ə icarəyə göndərilib. 20 yaşlı Ahamada klubun öz yetirməsidir və ilk dəfə fərqli bir komanda da özünü sınayacaq.
 
Kurjava 2015-ci ildən PSJ-də çıxış edirdi. 29 yaşlı futbolçu bu komandada 153 oyuna çıxıb, 14 qol vurub. Fransa millisində də 13 oyun keçirib, 1 qola imza atan sol cinah müdafiəçisi, daha öncə yalnız yetirməsi olduğu “Monako”da çıxış edib.
 
Draksler 2017-ci ildən Paris klubunun uğurları üçün çalışırdı. Almaniyalı vinger bu komandada 198 oyuna 26 qol vurub. 28 yaşlı futbolçu daha öncə “Şalke” və “Volfsburq”un uğurları üçün çalışıb. Yarımmüdafiəçi Almaniya yığmasında çıxdığı 58 oyunda 7 qol vurub.
 
Abdu Diallo da “Monako”nun yetirməsidir.Seneqallı futbolçu 2019-cu ildə Dortmund “Borussiya”sından transfer olunub. 26 yaşlı futbolçu Paris təmsilçisində 75 oyun keçirib. Daha öncə “Sulte Varegem” və “Maynts”da da oynamış mərkəz müdafiəçisi, Seneqal yığmasında 17 oyuna 2 qol vurub.








Transfer