İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçisi Artur Melo ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonra İngiltərənin “Liverpul” klubunun uğurları üçün çalışacaq.
Mersisayd təmsilçisi braziliyalı oyunçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. “Liverpul” bir illik icarə üçün Turin təmsilçisinə 4.5 milyon avro ödəyəcək. Premyer Liqa təmsilçisi futbolçunu birdəfəlik transfer etmək isə daha 37.5 milyon avro ödəməli olacaq.
“Yuventus” Arturu 2020-ci ilin sentyabrında “Barselona”dan 76 milyon avroya transfer etmişdi. Braziliya yığmasının üzvü Seriya A təmsilçisində 63 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Qremio”nun yetirməsi olan, 3 il məhz bu klubun əsas komandasında oynadıqdan sonra 2018-ci ildə “Barselona”ya üz tutan Melo, Braziliya millisində də 22 oyuna 1 qol vurub.
“Yuventus” digər dayaq yarımmüdafiəçisi Denis Zakariyanı da İngiltərənin “Çelsi” klubuna icarəyə göndərib. 25 yaşlı futbolçu da mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. London klubu isveçrəli oyunçu üçün turinlilərə 3 milyon avro ödəyib. Bonuslarla bu məbləğ 4 milyon avroya çata bilər. “Çelsi” Denisin transfer hüquqlarını da almaq istəsə, İtaliya klubuna daha 28 milyon avro ödəməli olacaq.
İtaliya nəhəngi Denis Zakariyanı bu ilin yanvarında Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubundan 8.6 milyon avroya almışdı. O, Turin təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb və 1 qol vurub. İsveçrə yığmasının üzvü daha öncə “Servett” və “Yanq Boyz” klublarının da formasını geyinib. O, millidə 40 oyuna 3 qola imza atıb.