İngiltərənin “Çelsi” klubu dörd futbolçusu ilə vidalaşıb. Corner.az xəbər verir ki, London təmsilçisi Markos Alonso,
müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veribsə, Billi Gilmoru “Brayton”a, Xavyer Mbuyambaveni Niderlandın “Volendam” klubuna, Kenedini isə “Valyadolid” klubuna satıb.
Azad agent statusu alan Alonsonun karyerasını harada davam etdirəcəyi bəlli deyil. “Zadəganlar” onu 2016-cı ilin yayında “Fiorentina”dan 23 milyon avroya transfer etmişdi. Sol cinah müdafiəçisi bu komandada 212 oyuna çıxıb, 29 qola imza atıb. Madrid “Real”ının yetirməsi olan Alonso, karyerası ərzində “Bolton”, “Fiorentina” və “Sanderlend”in də uğurları üçün çalışıb. O, İspaniya yığmasında da 9 oyuna çıxıb.
Billi Gilmor London klubuna 10.4 milyon avro qazandırıb. 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Şotlandiyalı yarımmüdafiəçi “Çelsi”nin öz yetirməsidir. O, ötən mövsümü icarə əsasında “Norviç Siti”də keçirmişdi. Şotlandiya yığmasında 15 oyun keçirmiş gənc futbolçu, London klubunun əsas komandasında 22 oyuna çıxıb.
Kenedi yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Onun transferi üçün La Liqa klubunun nə qədər ödədiyi bəlli deyil. Braziliyalı vinger İngiltərə təmsilçisinə 2015-ci ildə “Fluminense”dən 8 milyon avro qarşılığında keçmişdi. Londonluların heyətində cəmi 30 oyun keçirib, 3 qol vuran yarımmüdafiəçi, “Uotford”, “Xetafe”, “Qranada” və “Flamenqo”da icarədə olub.
Müdafiəçi Xavyer Mbuyamba üçün də nə qədər ödənildiyi məbləğ açıqlanmayıb. Niderlandlı futbolçu yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb. 20 yaşlı mərkəz müdafiəçisi “Çelsi”dən öncə “Barselona” və “Maastrixt”in gənclərdən ibarət komandalarında oynayıb.