İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Leander Dendonkeri, “Sauthempton”dan isə Yan Bednareki transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yan Bednarek 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. 26 yaşlı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Bednarek 2017-ci ildən “Sauthempton”da çıxış edirdi. Mərkəz müdafiəçisi bu komandada 152 oyuna çıxıb, 7 qola imza atıb. Polşalı futbolçu Poznan “Lex”inin yetirməsidir. Ölkəsində “Qurnik”in də formasını geyinmiş futbolçu, milli komanda ilə 42 oyuna çıxıb, 1 qol vurub.
Leander Dendonker isə “Vulverhempton”dan 15 milyon avroya transfer olunub. Onunla imzalanmış müqavilənin müddəti açıqlanmır. Belçikalı futbolçu yeni komandasında 32 nömrəli formanı geyinəcək.
Dendonker “Anderlext”in yetirməsidir. 27 yaşlı futbolçu 2018-ci ilin yayından Premyer Liqa klubunda çıxış edirdi. O, bu komandanın heyətində 159 oyuna çıxıb, 12 qol vurub. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu Belçika milli komandasında 29 oyuna çıxıb, 1 qola imza atıb.