Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Qana yığmasının yarımmüdafiəçisi Kristian Atsunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı vinger 1+1 illik müqaviləyə imza atıb.
Atsu son olaraq Səudiyyə Ərəbistanının “Əl-Raed” klubunda çıxış edib. O, 2021-ci ilin yayından bu komandanın formasını geyinirdi. Peşəkar karyerasına Portuqaliyanın “Portu” klubunda başlamış futbolçu, 2013-cü ildə məhz bu komandadan 3 milyon avro qarşılığında “Çelsi”yə transfer olunub. Lakin o, London təmsilçisində forma şansı qazana bilmədiyi üçün 2017-ci ilə qədər müxtəlif klublarda icarədə oynayıb. Yarımmüdafiəçi “Rio Ave”, “Vitess”, “Everton”, “Malaqa” və “Nyukasl”da icarədə olub. 2017-ci ildə isə “Nyukasl” 7.5 milyon avro ödəməklə onu “Çelsi”dən birdəfəlik transfer edib. Atsu Qana yığmasında 65 oyuna 9 qol vurub.