“Qarabağ” klubu “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb. Corner.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib. O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”. (Qafqazinfo)
Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Havr”da da oynayıb. 2013-cü ildə “Kan” klubuna keçib. İki il burada oynadıqdan sonra İngiltərə “Blekbern”inə transfer olunub.
2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 112 oyunda 31 qol vurub. Ötən il isə o, “Trabzonspor”a transfer olunub. Trabzonluların heyətində Koyta 21 oyunda cəmi 1 qol vurmağı bacarıb.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Ağdam təmsilçisi sentyabrın 8-də səfərdə Almaniyanın “Frayburq” klubu ilə qarşılaşacaq.