28 noyabr 2024. Cümə axşamı

Bundesliqa klubunda Roxel gəldi, Pyontek göndərildi


  • Transfer
  • 19:03 07.09.2022
  • Oxunma sayı: 74
Bundesliqa klubunda Roxel gəldi, Pyontek göndərildi
Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa klubu “Estudiantes”in müdafiəçisi Aqustin Roxeli transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Herta” 24 yaşlı futbolçuya görə Argentina klubuna cəmi 400 min avro ödəyib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Aqustin Roxel 2021-ci ilin əvvəlindən “Estudiantes”də çıxış edirdi. Uruqvaylı oyunçu, daha öncə ölkəsində “Nasyonal”ın, Rusiyada “Krılya Sovetov”un, Fransada “Tuluza”nın da uğurları üçün çalışıb.
 
“Herta” hücumçusu İshak Belfodillə də yollarını ayırıb. 30 yaşlı forvard azad agent kimi Qətərin “Əl-Qarafa” klubuna keçib. O, ötən ilin yayından oynadığı Bundesliqa təmsilçisində 28 oyuna 5 qol vurub. Əlcəzairli futbolçu daha öncə “Olimpik” (Lion), “Bolonya”, “Parma”, “İnter”, “Livorno”, “Baniyas”, “Standard”, “Verder” və “Hoffenhaym”da da oynayıb. O, Əlcəzair yığmasında 17 oyuna 2 qolla yadda qalıb.
 
“Herta” müdafiəçisi Fredrik Byorkanı “Feyenoord”a, Kşiştof Pyonteki də “Salernitana”ya icarəyə verib. Hər iki futbolçu mövsümün sonuna kimi sözügedən komandalarda icarədə oynayacaq.
 
Fredrik Byorkan peşəkar karyerasına yetirməsi olduğu “Bodo Qlimt”də başlayıb. Norveçdən olan 24 yaşlı sol cinah müdafiəçisi bu ilin yanvar ayında “Herta”ya keçmişdi. O, Bundesliqa təmsilçisinin heyətində 10 oyuna çıxıb. “Feyenoord”un yeni futbolçusu Norveç yığmasında da 6 oyun keçirib.
 
Kşiştof Pyontek isə “Herta”ya 2020-ci ildə “Milan”dan gəlib. Polşalı forvard Bundesliqa təmsilçisində 58 oyun keçirib, 13 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Pyontek ötən mövsümün ikinci dövrəsini də icarə əsasında İtaliyada – “Fiorentina” komandasında keçirib. O, daha öncə bu ölkədə “Milan”la yanaşı, “Cenoa”nın da uğurları üçün çalışıb. 27 yaşlı futbolçu Polşa yığmasında 23 oyuna 10 qol vurub.






Transfer