“Leypsiq” klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisinin "sükan"ı Marko Rozeyə tapşırılıb. 45 yaşlı mütəxəssislə müqavilə 2024-cü ilin iyunun sonuna kimi qüvvədə olacaq.
Alman mütəxəssis bu postda Domeniko Tedeskonu əvəzləyib. Tedesko sentyabrın 7-də istefaya göndərilib.
Rozenin əvvəlki klubu 2021-ci ilin iyulundan 2022-ci ilin mayına kimi rəhbərlik etdiyi Dortmund “Borussiya”sı idi.
“Leypsiq” Bundesliqada 5 oyundan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Şaxtyor”a (Donetsk) uduzub (1:4). Bu məğlubiyyətdən sonra Tedesko baş məşqçi postundan qovulub.