27 oktyabr 2024. Bazar günü

Qalatasaray 5 yeni transferi ilə müqavilə imzaladı


  • Transfer
  • 12:06 09.09.2022
  • Oxunma sayı: 144
Qalatasaray 5 yeni transferi ilə müqavilə imzaladı
Türkiyənin “Qalatasaray” klubu heyətini 5 yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Mauro İkardini, “Norviç Siti”dən Milot Raşiçanı, “Olborq”dan Matias Ross Yenseni, “Rapid”dən Yusuf Dəmiri transfer edib.
 
“Mançester Yunayted”dən azad agent kimi ayrılan Xuan Mata da bundan sonra "cim-bom"ub uğurları üçün çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
34 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. İspan futbolçu yeni klubunda ilk mövsümündə 1.9 milyon avro qazanacaq.
 
Xuan Mata Madrid “Real”ının yetirməsidir. O, bu klubun əvəzedici komandasında oynasa da, əsas komandada forma geyinməyib. 2007-ci ildə “Valensiya”ya keçən yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib. Karyerası boyunca 633 rəsmi matça çıxan futbolçu 140 qola imza atıb. O, İspaniya yığmasında da 41 oyun keçirib, 10 qol vurub.
 
İkardi ilə Raşiça 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Kosovalı futbolçu bir mövsüm üçün 1.5 milyon avro qazanacaqsa, argentinalı oyunçu 6 milyon 750 milyon avro gəlir əldə edəcək. “Sarı qırmızılar” PSJ və “Norviç Siti”yə icarə haqqı ödəməyəcək. Əksinə, İkardinin bir mövsümlük maaşının 6 milyonu Paris nəhəngi, qalan 750 min avrosu isə Super Liqa klubu tərəfindən ödəniləcək.
 
Ross və Dəmir isə birdəfəlik transfer olunub. Danimarkalı futbolçunun transferi Türkiyə klubuna 1 milyon 750 min avroya başa gəlib. 21 yaşlı futbolçunun özü ilə 4 illik müqavilə imzalanıb. O, hər mövsüm 400 min avro qazanacaq. Yusufa görə isə “Rapid”ə 6 milyon avro ödəniləcək. 4 illik müqaviləyə imza atan Dəmir, ilk mövsümündə 650 min avro qazanacaq. Sonrakı mövsümlərdə isə bu məbləğ müvafiq olaraq 750, 850 və 950 min avroya yüksələcək.
 
Mauro İkardi 2019-cu ilin sentyabrından PSJ-də forma geyinir. O, Fransa nəhəngində 92 oyuna çıxıb, 38 qol vurub. Argentinalı hücumçu daha öncə İtaliyada “Sampdoriya” və “İnter”in də uğurları üçün çalışıb. 29 yaşlı futbolçu Argentina yığmasında da 8 oyuna çıxıb və 1 qol vurub.
 
Milot Raşiça ötən ilin yayında Almaniyanın “Verder” klubundan 11 milyon avro qarşılığında “Norviç Siti”yə keçib. O, İngiltərə komandasının heyətində 40 oyuna 2 qol vurub. 26 yaşlı vinger daha öncə “Vuştrria” və “Vitess”də də forma geyinib. Vaxtilə Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Raşiça, 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 44 oyuna 8 qol vurub.
 
Matias Ross Danimarkanın “Olborq” klubunun öz yetirməsidir. 21 yaşlı mərkəz müdafiəçi yalnız bu komandanın formasını geyinib. O, 2018-ci ildən dəvət aldığı klubun əsas komandasında 104 oyuna çıxıb və 6 qol vurub. Gənc müdafiəçi Danimarkanın U-21 yığmasında da forma geyinir.
 
Yusuf Dəmir isə Avstriyanın “Rapid” (Vyana) klubunun yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasına cəlb olunmağa başlayıb. 19 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə İspaniyanın “Barselona” klubunda icarədə oynayıb. O, Kataloniya təmsilçisində 9 oyuna çıxsa da, fərqlənə bilməyib. Amma gənc vinger “Rapid”də keçirdiyi 51 matçda 10 qol vurmağı bacarıb. Türkiyə əsilli futbolçu Avstriyada dünyaya göz açdığı üçün, 2021-ci ildən bu ölkənin əsas yığmasında forma geyinir.






Transfer