27 oktyabr 2024. Bazar günü

Beşiktaş'dan daha 3 transfer


  • Transfer
  • 15:14 09.09.2022
  • Oxunma sayı: 100
Beşiktaş'dan daha 3 transfer
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Sauthempton” klubundan Natan Redmondu, “Adana Dəmirspor”dan isə Tayyip Sanuçu, “Alanyaspor”dan isə Tayfur Bingölü transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tayfur Bingöl mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 29 yaşlı sağ cinah müdafiəçisi 2019-cu ildən “Alanyaspor”da çıxış edirdi. O, 2020-ci ildə “Bursaspor”da da icarədə oynayıb. Peşəkar karyerasına “Hacettepe” komandasında başlamış futbolçu, “Gənclərbirliyi, “Bandırmaspor”, “Adana Dəmirspor” və “Göztəpə”də də oynayıb. O, Türkiyənin U-20 və U-21 yığmalarının da formasını geyinib.
 
Tayyip Talha Sanuç isə “Beşiktaş”la 4 illik müqaviləyə imza atıb. İstanbul klubu bu keçidə görə “Adana Dəmirspor”a 1.5 milyon avro ödəyəcək. Adana klubu futbolçunun gələcəkdəki mümkün satışından da 25 faiz pay alacaq.
 
“Karabükspor”un yetirməsi olan Sanuç, son 5 mövsümü “Adana Dəmirspor”da keçirib. O, ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 29 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 22 yaşlı futbolçu bu mövsüm də 3 oyuna çıxıb və 1 qola imza atıb. Müdafiəçi Türkiyənin U-18, U-19 yığmalarında, gənclərdən ibarət millidə də forma geyinib.
 
Natan Redmond “Sauthempton”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Müqavilədə satınalma nəzərdə tutulmayıb.
 
“Sauthempton” Redmondu 2016-cı ildə “Norviç Siti”dən 13.5 milyon avroya transfer edib. 28 yaşlı futbolçu 7 mövsümdür formasını geyindiyi bu komandada 232 oyuna çıxıb, 30 qol və 27 məhsuldar ötürmə müəllifi olub. İngilis vinger ötən mövsüm meydana çıxdığı 32 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib. “Birmingem Siti”nin yetirməsi olan, “Norviç Siti”yə keçənə qədər məhz bu komandada forma geyinən Natan, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. O, əsas millidə də 1 oyun keçirib.
 
“Beşiktaş” öz yarımmüdafiəçisi Aydin Hasiçi də “Göztəpə”yə icarəyə verib. 20 yaşlı vingerin bu mövsümün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb. İstanbul klubu Bosniya və Herseqovinadan olan bu futbolçunu 2020-ci ildə Zaqreb “Dinamo”sundan (Xorvatiya) transfer edib. O, daha öncə “Ümraniyəspor”da da icarədə olub. Ötən mövsüm “qara qartallar”ın əsas komandasında 13 oyuna çıxan yarımmüdafiəçi, 2 qol da vurub.






Transfer