27 oktyabr 2024. Bazar günü

Türkiyə klubu Portu'dan ayrılan futbolçu ilə gücləndi


  • Transfer
  • 22:22 09.09.2022
  • Oxunma sayı: 99
Türkiyə klubu Portu'dan ayrılan futbolçu ilə gücləndi
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Antalya təmsilçisi “Portu”dan Shoya Nakajimanı, “Qalatasaray”dan isə Kristian Luyindamanı transfer edib 
 
Luyindama İstanbul təmsilçisindən bir illik icarəyə götürülüb. Antalya klubu 28 yaşlı futbolçunun icarəsi üçün “Qalatasaray”a heç bir ödəniş etməyəcək. Əvəzində, futbolçunun qarşıdakı bir il ərzində alacağı məvacibin 50 faizini öz klubu, qalan 50 faizini isə Antalya təmsilçisi ödəyəcək.
 
Kristian Luyindama 2019-cu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. Konqolu müdafiəçisi İstanbul təmsilçisində 60 oyuna çıxıb, 4 qolla yadda qalıb. O, ötən mövsümün ikinci dövrəsini də Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubunda icarədə keçirib. Luyindama “Mazembe” və “Standard” (Lyej) komandalarının da formasını geyinib. O, Konqo yığmasında 23 oyun keçirib.
 
Portuqaliyanın “Portu” klubundan transfer edilən Shoya Nakajima isə Türkiyə təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 28 yaşlı vinger “Portu”dan azad agent kimi ayrıldığı üçün, yeni klubu heç bir ödəniş etməyib. Yaponiyalı futbolçu 2019-cu ildən Portuqaliya təmsilçisində çıxış edirdi. O, bu komandada cəmi 37 matça çıxıb və 1 qol vurub. Nakajima 2021-ci ildə icarə əsasında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn”, ötən mövsüm isə Portuqaliyanın digər təmsilçisi “Portimonense”də də oynayıb. O, “Tokio Verdi”, “Tokio”, “Katalle Toyama” və “Əl-Dühail” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Yaponiya yığmasında da 19 oyun keçirib və 5 qol vurub.
 
“Antalyaspor” iki futbolçusu ilə də yollarını ayırdığını diqqətə çatdırıb. Hücumçu Qustavo Blanko Leşuk azad agent kimi İspaniyanın “Eybar” klubuna keçib. Argentinalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
 
Qustavo Leşuk 2019-cu ildən Antalya klubunda forma geyinirdi. O, bu komandada 31 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2020/21 mövsümünü İspaniyanın “Ovyedo” klubunda icarədə keçirmiş hücumçu, ötən mövsümdə də məhz “Eybar”da forma geyinmişdi. Leşuk bu komandada 42 oyuna 8 qol vurub. 30 yaşlı futbolçu “Arsenal de Sarandi”, “Deportivo Merlo”, “Anji” (Mahaçqala), “Vidad Kasablanka”, “Assiriska”, “Karpatı” (Lvov), “Şaxtyor” (Donetsk) və “Malaqa” kimi klubların da formasını geyinib.
 
“Antalyaspor” hücumameyilli yarımmüdafiəçisi Deni Miloşeviçi də “Sakaryaspor”a icarəyə göndərilib. Bosniya və Herseqovinalı futbolçu bu mövsümün sonuna kimi TFF 1-ci liqada oynayacaq. O, 2021-ci ildən formasını geyindiyi Antalya təmsilçisində 19 oyuna çıxıb və 1 qol vurub. 27 yaşlı futbolçu, daha öncə “Standard” (Lyej), “Beveren” və “Konyaspor”da da forma geyinib, Bosniya və Herseqovina yığmasında 11 oyuna çıxıb, 1 qola imza atıb.






Transfer