İspaniya yığmasının hücumçusu Dieqo Kosta yenidən İngiltərə Premyer Liqasına qayıdıb. Corner.az xəbər verir ki, İngiltərənin “Vulverhempton” klubu 33 yaşlı futbolçunu azad agent statusunda heyətinə qatıb.
Kosta yeni klubu ilə mövsümün sonunadək anlaşıb. Təcrübəli futbolçu "canavarlar"da 29 nömrəli formanı geyinəcək.
Kosta İngiltərədə 2014-2017-ci illər aralığında “Çelsi”nin də uğurları üçün çalışıb. O, bu komanda ilə 2015 və 2017-ci illərdə İngiltərə çempionu olub. Təcrübəli hücumçunun sonuncu iş yeri “Atletiko” (Mineyro) olub. Lakin o, ötən ilin avqustunda qoşulduğu bu komandadan bu ilin yanvarında azad agent kimi ayrılmışdı və klubsuz idi. Kosta karyerası ərzində “Braqa”, “Penafiel”, “Atletiko” (Madrid), “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano” klublarının da formasını geyinib. Braziliya yığmasında 2 oyun keçirmiş Dieqo, sonradan İspaniya vətəndaşlığı alıb və bu ölkənin millisinə dəvət almağa başlayıb. O, İspaniya millisində 24 oyun keçirib, 10 qol vurub. Hücumçu karyerası ərzində bütövlükdə 495 oyuna çıxıb, 187 qola imza atıb.