“Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu yeni baş məşqçisini açıqlayıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionunun "sükan"ı Miçel Qonsalesə tapşırılıb.
59 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. İspaniyalı mütəxəssis Pirey təmsilçisinin baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş həmyerlisi Karlos Korberanı əvəz edib.
Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib. Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.