Yunanıstanın “Olimpiakos” klubu heyətini yeni qapıçı ilə gücləndirib. Corner.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Pirey təmsilçisi PAOK-un keçmiş qolkiperi Aleksandros Pasxalakisi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qolkiper ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Təcrübəli qapıçı Çexiya millisindən zədəli qayıdan Tomaş Vatslikin yerinə alınıb. Lakin o, bu klubun son dövrlərdəki digər yeni transferləri kimi, Avroliqa üçün sifariş edilmədiyinə görə “Qarabağ”a qarşı oynaya bilməyəcək. “Olimpiakos” bu qapıçının xidmətindən yalnız çempionat oyunlarında yararlana bilər.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını isə bir həftə sonra Bakıda keçirəcək.