27 oktyabr 2024. Bazar günü

Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım


  • Transfer
  • 12:10 22.10.2022
  • Oxunma sayı: 150
Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım

"Başqa təkliflər də almışdım. Biri digər yığmadan, ikisi isə İtaliya klublarından idi".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi müqaviləsinin müddətini uzatması ilə bağlı "Tribalfootball" nəşrinə açıqlamasında deyib.

65 yaşlı mütəxəssis 2024-cü il Avropa çempionatının seçmə mərhələsi ərəfəsində komandada işləməyə davam etmək istədiyini bildirib: "Püşkatmada Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl AVRO-2016-da da başıma gəlmişdi. Albaniyanın baş məşqçisi olduğum dönəm seçmə mərhələdə çətin qrupa düşmüşdük. Lakin final mərhələsinə vəsiqə qazanmışdıq. Ümid edirəm ki, bu dəfə də eyni şeyi edəcəyik. Lakin buna nail olmaq çox çətin olacaq".

İtaliyalı baş məşqçi Azərbaycan millisi üçün bütün matçların çətin keçdiyini və Estoniyadan başqa qrupdakı digər rəqiblərin güclü olduğunu söyləyib: "Belçika böyük ulduz futbolçuları olan, FIFA reytinqində birinci pillədə qərarlaşan kollektivdir. İsveçin isə oyunçuları Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriya kollektivi təkcə David Alabadan ibarət deyil. Bundesliqada mübarizə aparan digər oyunçuların toplaşdığı güclü komandadır. Əksər oyunçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir. Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı keçirəcək, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

De Byazi Azərbaycan Premyer Liqasının səviyyəsinin getdikcə artdığını da toxunub: "Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır, güclü futbolçularımız var. Yeganə problem odur ki, seçə biləcəyimiz oyunçuların sayı çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir və bu klublarda 7 oyunçu əcnəbidir. Hər komandadan 4 oyunçu seçmək imkanım var ki, bu da ümumilikdə 40 nəfər deməkdir. Burada yaxşı işlər gördük, 2000-2001-ci il təvəllüdlü çoxlu gənc oyunçulardan ibarət qrup yaratdıq. Onlar müntəzəm oynayırlar. Ümid edirəm ki, daha da böyüyə bilərlər".







Transfer