2006-2009-cu illərdə Azərbaycanda “Neftçi”nin şərəfini qorumuş Bolqarıstan millisinin sabiq futbolçusu Svetoslav Petrov “blitz.bg” saytına müsahibə verib. Corner.az xəbər verir ki, hazırda ölkəsində “Septemvri” klubunu çalışdıran 44 yaşlı mütəxəssis 2006-cı ilin yanvarında Sofiya “Lokomotiv”indən transfer olunduğu “Neftçi”də çətinliklə üzləşdiyini bildirib:
“Lokomotiv”dən ayrıldıqdan sonra “Neftçi” ilə 3 illik müqavilə imzaladım və Azərbaycanda çıxış etdim. Birinci ilin ardından baş məşqçi ilə problemlər yaşadım və məni Çinin “Çançun Yatay” klubuna göndərdilər. Çində çempion olduqdan sonra bir il də orada qalmaq istədim. Amma “Neftçi”də artıq baş məşqçi dəyişmişdi və məndən qayıtmağımı istədilər”.
Xatırladaq ki, 2006-2007-ci illərdə “Neftçi”yə hazırda “Qarabağ”ı çalışdıran Qurban Qurbanov rəhbərlik edib. 2007-ci ilin yanvarında “Çançun Yatay”a keçən Svetoslav Petrov bir il sonra Azərbaycana qayıdıb və 2008/09 mövsümünün axırına qədər “ağ-qaralar”ın formasını geyinib.