Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun müdafiəçisi Deyan Lovren karyerasını Fransa “Olimpik”ində (Lion) davam etdirəcək. Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu Fransa klubu ilə 2.5 illik müqaviləyə imza atıb. “Olimpik” bu transferə görə Rusiya klubuna 2 milyon avro ödəyib.
Lovren daha öncə də Lion klubunda forma geyinib. O, 2010-2013-cü illər aralığında çıxış etdiyi bu komandada 102 oyuna 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Zaqreb “Dinamo”sunun yetirməsi olan futbolçu “İnter” (Zapreşiç), “Sauthempton”, “Liverpul” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Zenit”də çıxış edən müdafiəçi, Rusiya klubunda 63 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Deyan Xorvatiya milli komandasında da 78 oyuna çıxıb, 5 qola imza atıb.