“Sampdoriya” heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi müdafiəçi Bram Neytinklə hücumçu Sem Lammersi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Neytink yeni klubuna “Udineze”dən gəlib. Onunla 2023-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb. Mərkəz müdafiəçisi olan Neytink 2017-ci ildən “Udineze”də çıxış edirdi. Niderlanddan olan 32 yaşlı futbolçu bu komandada meydana çıxdığı 143 oyunda 3 qol vurub.
Lammers isə “Atalanta”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Niderlandlı forvard mövsümün əvvəlində “Empoli”yə icarəyə verilsə də, bu qış geri qaytarılıb. O, “Empoli”də 14 oyuna 1 qolla yadda qalıb. 25 yaşlı forvard daha öncə yetirməsi olduğu PSV-də, həmçinin “Herenven” və “Ayntraxt”da (Frankfurt) da oynayıb.
“Sampdoriya” öz hücumçusu Françesko Kaputonu da “Empoli”yə icarəyə göndərib. 35 yaşlı futbolçu bu mövsümün sonuna kimi sözügedən klubun uğurları üçün çalışacaq. Kaputo 2021-ci ilin yayından “Sampdoriya”da forma geyinir. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 17 oyunda cəmi 2 qol vurub. İtaliyalı təcrübəli futbolçu 2017-2019-cu illər aralığında da “Empoli”də forma geyinib.
Genuya klubu müdafiəçisi Aleks Ferrarini də “Kremoneze”yə icarəyə verib. 28 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq. İtaliyalı müdafiəçi 2018-ci ildən “Samporiya”da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 71 oyunda 1 qol vurub.