“Beşiktaş”ın hücumçusu Vaut Veqhorst İngiltərəyə qayıdıb. Corner.az xəbər verir ki, Premyer Liqa nəhənglərindən “Mançester Yunayted” niderlandlı futbolçusunu heyətinə qatıb.
30 yaşlı forvard mövsümün sonuna qədər “qırmızı şeytanlar”da icarə əsasında çıxış edəcək. “Beşiktaş”da icarədə olan Veqhorstun müqaviləsinin ləğvi üçün İstanbul klubuna 3 milyon avro ödənilib. Mançester təmsilçisi forvardı sözləşmə ilə məxsus olduğu “Bernli”dən icarəyə götürüb.
Veqhorst bu gün Mançesterə yollanaraq tibbi müayinədən keçəcək və ardından rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Vaut Veqhorst Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Argentina ilə oyunda 2 qol vurub.