- Transfer
- 21:53 26.11.2024
Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Musa Qurbanlının Polşanın “Poqon” klubuna transferi baş tutmayıb. Corner.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumatda, “Poqon”un azərbaycanlı futbolçunu heyətinə qatmaq istəyi olsa da, onun klubu ilə yeni müqavilə bağlaması və “Qarabağ”ın yüksək məbləğ tələb etməsi səbəbi ilə Polşa təmsilçisinin bu fikrindən daşındığı vurğulanıb.
Qurbanlının hazırda Antalya toplanışında Avropa Konfrans Liqasının pley-off oyunlarına və mövsümün qalan hissəsinə hazırlaşdığı vurğulanıb. Yeni müqaviləyə əsasən 2026-cı ilin 30 iyununa kimi “Qarabağ”da çıxış edəcək 20 yaşlı futbolçu bu mövsüm 12 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” yanvarın 18-də Antalyada daha iki yoxlama oyunu keçirəcək. Ağdam klubunun rəqiblərindən biri “Çukariçki” (Serbiya), digəri isə məhz “Poqon” olacaq. Maraqlıdı ki, Musa Qurbanlı məhz onu istəyən Polşa klubuna qarşı oynamaq şansı qazana bilər.