“Radniçki”nin baş məşqçisi Nenad Lalatoviç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Zirə” ilə keçirilən yoxlama görüşünü dəyərləndirib. Corner.az xəbər verir ki, serbiyalı mütəxəssis qolsuz bərabərə qaldıqları matçdan razılıq bildirib:
“İlk oyunda 2:1 hesablı qələbə qazandıqdan sonra “Zirə” ilə ikinci görüşümüzdə heç-heçə qeydə alındı. Bu, rəqibin çempionat oyunu öncəsi son sınağı idi. Biz isə hələ formamızı yaxşılaşdırmaqla məşğuluq. Gündə iki dəfə məşq edirik, bu oyundan əvvəl də səhər məşqi keçmişdik. Oyunçuların qarşılarına qoyduğum bütün öhdəliklərə reaksiyasından çox razıyam”.
Baş məşqçi birinci hissəni daha yaxşı keçirdiklərini söyləyib: “Birinci hissədə möhtəşəm görünürdük, komanda yüksək pressinqdə və orta sahədə blokda oynadı. Futbolçulardan istədiyim kimi, keçidlərdə əla idik. Görüşün həmin hissəsində qələbəyə daha yaxın idik. İkinci hissədə tamamilə dəyişilmiş heyətlə oynadıq. Bu səbəbdən fasilədən sonra “Zirə” daha yaxşı çıxış etdi. Ancaq ümumilikdə matçdan razı qaldım”.
Qeyd edək ki, Antalya toplanışını başa vuran “Zirə” ilk iki yoxlama görüşündə Rumıniya “Çindia”sına 3:2 hesabı ilə qalib gəlib, Macarıstan “Seqed-Çanad”ına isə 1:3 hesabı ilə məğlub olub.