İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vest Hem”in qapıçısı Darren Rendolfu heyətinə qatıb.
35 yaşlı qolkiper yeni klubuna azad agent kimi keçib və müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
İrlandiyalı oyunçu 2020-ci ilin yanvar ayında 4.7 milyon avro qarşılığında transfer olunduğu “Vest Hem”də 2015-2017-ci illər aralığında da forma geyinib. O, bu komandanın heyətində bütövlükdə 52 matça çıxıb. İngiltərədə müxtəlif klublarda oynamış təcrübəli qolkiper İrlandiya yığmasında 50 oyun keçirib.
Rendolfla yollarını ayıran “Vest Hem” yarımmüdafiəçisi Konor Koventrini də “Roterem Yunayted” klubuna icarəyə göndərib. İngiltərədən olan 22 yaşlı futbolçu bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcək. Rendolfun həmyerlisi olan Konor “Vest Hem”in yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 10 matça çıxıb.