"Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, sözügedən klub ötən ilin dekabrında “Fatih Karagümrük”dən ayrılan və azad agent statusu daşıyan müdafiəçi Caner Erkini heyətinə qatıb.
34 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
Türkiyə millisinin üzvü 2021-ci ilin sentyabrında “Fənərbaxça”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. Bu mövsüm sözügedən komandada 12 oyuna çıxan sol cinah müdafiəçi, İstanbul təmsilçisində bütövlükdə 43 oyuna 1 qol vurub. O, karyerası ərzində “Manisaspor”, ÇSKA (Moskva, Rusiya), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”ın da formasını geyinib. Təcrübəli futbolçu Türkiyə millisində də 63 oyun keçirib, 2 qol vurub.
“Başakşəhər” isə yarımmüdafiəçisi Munir Şuyarı isə “Kasımpaşa”ya icarəyə verib. 24 yaşlı col cinah vingerinin bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə göndərildiyi açıqlanıb. Fransanın “Lans” klubunun yetirməsi olan fransalı futbolçu “Başakşəhər”ə 2022-ci ilin iyul ayında 1.5 milyon avro qarşılığında transfer olunmuşdu. O, İstanbul təmsilçisində meydana çıxdığı 30 oyunda 2 qol vurub. Daha öncə icarə əsasında Türkiyənin “Yeni Malatyaspor” klubunda da oynamış futbolçu, öz ölkəsində “Dijon”un da formasını geyinib.
Yeri gəlmişkən, “Fatih Karagümrük” də heyətini yeni futbolçu ilə gücləndirib. Super Liqa təmsilçisi Portuqaliyanın “Braqa” klubundan müdafiəçi Bruno Rodriqesi icarəyə götürüb. Portuqaliyadan olan 21 yaşlı mərkəz müdafiəçisi bu mövsümün sonunadək Türkiyədə forma geyinəcək. “Braqa”nın öz yetirməsi olan müdafiəçi bu klubun əsas komandasında 36 oyuna çıxıb, 2 qol vurub.