Fransanın “Loryan” klubu heyətini yeni oyunçu ilə gücləndirib. Corner.az xəbər verir ki, elita təmsilçisi İtaliyanın “Udineze” klubundan Jan-Viktor Makenqonu transfer edib.
24 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. Fransızlar bu transfer üçün İtaliya klubuna 10 milyon avro ödəyiblər.
Makenqo 2020-ci ilin oktyabr ayında Fransanın “Nitsa” klubundan 3.5 milyon avro qarşılığında “Udineze”yə transfer olunmuşdu. O, bu komandada 72 oyuna çıxıb, 1 qol vurub. Fransanın “Kan” klubunun yetirməsi olan futbolçu, ölkəsində “Nitsa”dan başqa “Tuluza”nın da formasını geyinib.
“Udineze” də heyətinə yeni futbolçu cəlb edib. A Seriyası təmsilçisi braziliyalı hücumçu Mateus Martinsi transfer edib. Braziliyanın “Fluminense” klubundan tansfer olunan 19 yaşlı forvard üçün 6 milyon avro ödənilib. Onunla uzunmüddətli müqavilə bağlayan “Udineze” yeni transferini İngiltərənin “Uotford” klubuna icarəyə verib. Martinsin bu mövsümün sonunadək Çempionşip klubunda icarədə oynayacağı diqqətə çatdırılıb. “Fluminense”nin yetirməsi bu komandada meydana çıxdığı 51 oyunda 6 qol vurub.