“Arsenal” heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, “topçular” “Çelsi” klubunun yarımmüdafiəçisi Jorjinyo ilə güclənib.
31 yaşlı futbolçu yeni klubu ilə 1.5 + 1 illik müqaviləyə imza atıb. “Arsenal” İtaliya millisinin üzvü üçün London klubuna 11.3 milyon avro ödəyib.
“Verona”nın yetirməsi olan futbolçu “Napoli”dən 2018-ci ildə “Çelsi”yə 57 milyon avro qarşılığında keçmişdi. Əslən Braziliyadan olan futbolçu “zadəganlar”ın heyətində meydana çıxdığı 213 oyunda 29 qol vurub. O, İtaliya yığmasında da 46 oyuna 5 qol vurub.
“Çelsi” gənc yarımmüdafiəçisi Çezare Kasadeyi də “Ridinq”ə icarəyə verib. İtaliyadan olan 20 yaşlı futbolçu mayın 31-nə qədər Çempionşip təmsilçisində forma geyinəcək.
“Arsenal” da iki futbolçusunu icarəyə verib. 21 yaşlı niderlandlı müdafiəçisi Omar Rekik “Uiqan”a keçib. Braziliyalı hücumameyilli yarımmüdafiəçi, 19 yaşı olan Markinyos isə “Norviç Siti”yə göndərilib. Onların da icarə müqaviləsinin müddəti mayın 31-nə qədərdir.