“Maribor”un qolkiperi Ajbe Yuq karyerasını “Qarabağ”da davam etdirə bilər. Corner.az-ın məlumatına görə, 31 yaşlı qolkiperin xidmətində Azərbaycan çempionu maraqlıdı.
Sloveniyanın gənclər millisinin sabiq oyunçusu ilə “Qarabağ”la yanaşı MLS klublarının da diqqət mərkəzindədi. Ancaq Yuqun Azərbaycana keçmə ehtimalının daha yüksək olduğu qiymətləndirilir. Buna Qurban Qurbanovun kollektivinin hər mövsüm Çempionlar Liqasında çıxış etməsi və avrokubokların qrup mərhələlərində mübarizə aparması səbəb göstərilir.
Sloveniya klubu da onu satmağın əleyhinə deyil. “Maribor” rəhbərliyi qapıçısı üçün rəsmi təklif gözləyir. Qolkiper 2020-ci ildən hazırkı komandasında çıxış edir.
Qeyd edək ki, Ajbe Yuqun “Maribor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdi.