Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarov karyerasını hazırkı komandası “Aue”də davam etdirəcək. Corner.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 3-cü Bundesliqada çıxış edən klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Almaniya mətbuatı klub rəhbərliyinin hədəfinin gələn mövsüm 2-ci Bundesliqaya vəsiqə qazanmaq olduğunu yazıb. Bu üzdən heyətin gücləndirilməsi qərara alınıb. Hazırkı heyətdən isə bir neçə oyunçunun komandada qalması planlaşdırılır ki, onlardan biri də Nazarovdu. Futbolçu ilə danışıqların tezliklə müsbət yekunlaşması gözlənilir.
Qeyd edək ki, Dmitri Nazarovun “Aue” ilə hazırkı müqaviləsi yaya qədərdi. O, 2014-2022-ci illərdə yığmamızın heyətində 45 oyunda 7 qol vurub.