Frenk Lempard və ya Stiven Cerrard İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasını çalışdıra bilər. Corner.az “The Telegraph”a istinadən xəbər verir ki, buna səbəb yığmanın hazırkı çalışdırıcısı Li Karslinin AÇ-2023-dən sonra postundan ayırılmasıdır.
Bu üzdən də federasiya rəhbərliyi indidən onu əvəzedici üçün axtarışa başlayıb.
Cerrardın sonuncu iş yeri “Aston Villa” olub. O, ötən ilin oktyabrında istefaya göndərilib. Lempard isə son dəfə “Everton”un sükanı arxasında olub. 44 yaşlı mütəxəssis 2023-cü ilin yanvarında Mersisayd təmsilçisinin baş məşqçi postundan uzaqlaşdırılıb.