Hazırda icarə əsasında "Konyaspor”da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli mövsümün sonunda Zaqreb “Dinamo”suna qayıda bilər. Corner.az-ın Xorvatiya mətbuatına istinadən məlumatına görə, baş məşqçi İqor Bişçan 25 yaşlı forvardı komandasında görməkdə maraqlıdı.
Emreli qış fasiləsində sabiq çalışdırıcı Ante Çaçiçin qərarı ilə icarəyə göndərilən oyunçular arasında idi. Ancaq mövsüm sona yaxınlaşdıqca komandada zədəli oyunçuların sayının artması Bişçanın narahatçılığına səbəb olub. O, sələfinin heyəti kasadlaşdırmasından narazıçılığını bildirib.
44 yaşlı mütəxəssis növbəti mövsüm həm çempionatda, həm də avrokuboklarda uğurlu çıxış etmək üçün heyətin geniş olmasının rəhbərlikdən tələb edib. Bu üzdən həm Emrelinin, həm də digər klublara icarəyə verilən futbolçuların yayda kollektivə qayıtmasının tərəfdarıdır.
Qeyd edək ki, Mahir Emrelinin “Konyaspor”la icarə müqaviləsi mövsümün sonuna qədərdi. Türkiyə klubu millimizin üzvünü 1,5 milyon avro qarşılığında transfer etmək hüququna malikdi. Onun “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.