Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonunda müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna dönüşü getdikcə artır. Corner.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, hazırda icarə əsasında “Konyaspor”da çıxış edən 25 yaşlı forvardın performansı “Dinamo”nun baş məşqçisi İqor Bişçanın diqqət mərkəzindədi.
44 yaşlı mütəxəssis icarə əsasında başqa komandalarda olan oyunçularının çıxışını müntəzəm izləyir. O, artıq Emrelinin yayda komandaya qayıtmasının nə dərəcədə xeyir verib-verməyəcəyini araşdırır.
Xorvatiya çempionu olduqları üçün Çempionlar Liqasında da çıxış edəcək “Dinamo” gələn mövsümə geniş heyətlə başlamaq niyyətindədi. Baş məşqçi, xüsusən də, hücumda alternativlərin çox olmasını istəyir. Bu üzdən qeyri-adi hadisə baş verməsə, Emreli gələn mövsüm “Dinamo”nun heyətində mübarizə aparacaq.
Qeyd edək ki, Mahir Emrelinin “Konyaspor”la icarə müqaviləsi mövsümün sonuna qədərdi. Türkiyə klubu millimizin üzvünü 1,5 milyon avro qarşılığında transfer etmək hüququna malikdi. Onun “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.