“Neftçi”nin qapıçısı İvan Brkiçin “Trabzonspor”a keçmək variantı mövsüm sona çatdıqca artır. Corner.az yerli mətbuata istinadən məlumatına görə, “bordo-mavililər” bununla bağlı artıq ilkin danışıqlara da başlayıb.
Buna səbəb Qara dəniz təmsilçisinin hazırkı qapıçısı Uğurcan Çakırın legioner həyatı yaşaması göstərilib. Baş məşqçi Nenad Byelka isə qapını “Neftçi”dəki həmyerlisi İvan Brkiçlə doldurmaq niyyətindədir.
28 yaşlı qolkiperin “ağ-qaralar”la müqaviləsinin mövsümün sonuna qədər olması Trabzon klubu üçün işləri bir qədər asanlaşdırır. Məlumatda bildirilir ki, “Trabzonspor” artıq Brkiçin meneceri ilə əlaqə saxlayıb, onun bu keçidlə bağlı münasibətini öyrənib. Onunla rəsmi danışıqların başlanması isə Uğurcanın transferindən asılı olacaq.
Qeyd edək ki, İvan Brkiç ötən ilin yanvarından “Neftçi”də çıxış edir.