Başa çatan mövsümü "Sabah"da keçirən Aleksey Kaşukun paytaxt klubu ilə icarə müqaviləsi başa çatıb. 16 qolla "Sabah"ın gümüş medalları qazanmasında pay sahibi olan ukraynalı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"una qayıdacağı, yaxud da ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sabah"da qalacağı hələlik bəlli deyil.
Corner.az xəbər verir ki, bunu Qol.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib:
"Kaşukla bağlı məsələ hələ ki açıq qalır. Ukraynalı futbolçunun "Sabah"la icarə müddəti mövsümün sonunda başa çatdı. Kaşuk müqavilə ilə "Şaxtyor"a məxsusdur. Növbəti mövsümdə klubda qalıb-qalmayacağı ilə bağlı hələ ki, dəqiq nə isə demək mümkün deyil. Klub rəhbərliyi bu məsələ ilə bağlı "Şaxtyor"la daim ünsiyyətdədir".
Qeyd edək ki, 22 yaşlı futbolçu "Sabah"da bu mövsüm16 qolla bərabər 10 qol ötürməsi də edib.