Cənubi Afrika Respublikasının (CAR) “Kayzer Çifs” klubundan "Sabah"a keçən Hendrik Eksteynin müqavilə müddəti bəlli olub.
Corner.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçunun meneceri Paleza Mxize "TimesLIVE" portalına açıqlamasında məlumat verib. O, Eksteynin "Sabah"la 2 illik müqavilə imzalamaq üçün Bakıya yollandığını deyib. Menecer onu da əlavə edib ki, futbolçu ölkə xaricində oynayacağı üçün çox sevinir: "Eksteyn ölkə xaricində legioner həyatı yaşamaq istəyirdi. Bu arzusunu gerçəkləşdirdiyi üçün çox həyəcanlıdır. "Sabah"ın müqavilə şərtləri CAR klublarının təklif etdiyindən yaxşı idi. Bu keçid Eksteynin daha yaxşı işlər görməsi üçün bir addımdır. Dino Ndlovu da daha əvvəl Azərbaycan çempionatında oynayıb və bundan sonra Çin klubundan yaxşı təklif alıb. Hazırda o, ən yüksək ödənişli afrikalı futbolçulardan biridir".
Qeyd edək ki, son klubu "Kayzer Çifs" olan yarımmüdafiəçi ötən mövsüm bu komandanın heyətində 19 oyunda meydana çıxıb və qol vurub.