- Transfer
- 21:59 06.01.2025
Niderlandlı mütəxəssis Patrik Klyuvertin yeni iş yeri müəyyənləşib.
90deqiqe.az "De Telegraaf"a istinadən xəbər verir ki, 48 yaşlı çalışdırıcı İndoneziya millisinin "sükanı arxasına" keçəcək.
Şin Tae Yonqla yollarını ayırdığını rəsmən açıqlayan İndoneziya Futbol Federasiyasının təcrübəli çalışdırıcı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir. 48 yaşlı mütəxəssisin təqdimatı yanvarın 12-də baş tutacaq.
Məlumatda Klyuvertiin İndoneziyanı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına aparacaq ideal adam olaraq görüldüyü, ona öz heyətini gətirmək üçün icazə verildiyi də vurğulanıb.
İndoneziya Milli Komandası; Yaponiya, Avstraliya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Çinin də yer aldığı DÇ-2026-nın Asiya seçmə mərhələsinin C qrupunda 3-cü yerdədir. Qrupda ilk iki yeri tutan komandalar birbaşa dünya çempionatında, 3-cü və 4-cü yerləri tutan komandalar isə pley-off mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Klyuvertin son iş yeri 2023-cü ildə ayrıldığı Türkiyə təmsilçisi “Adana Dəmirspor” olub.O, "Adana Dəmirspor"la 20 matçda iştirak edib və 8 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət əldə edib.