- Transfer
- 23:56 14.07.2025
"Bayer Leverkuzen" klubu Florian Virtsin yayda komandadan ayrılacağı təqdirdə oyun sistemində dəyişiklik etməyi planlaşdırır.
90deqiqe.Az-ın "Kicker"ə istinadən yaydığı məlumata görə, alman futbolçunun xidmətində "Liverpul" xüsusilə maraqlıdır və Premyer Liqa klubu yarımmüdafiəçini transfer etmək üçün 130 milyon avroya qədər vəsait ödəməyə hazırdır.
Mümkün ayrılıq ehtimalını nəzərə alan Leverkuzen təmsilçisi artıq transfer planlamasına start verib. Komandanı gücləndirmək üçün prioritet mövqelər kimi hücum və mərkəz yarımmüdafiəsi müəyyən olunub.
"Bayer"in diqqətində olan futbolçulardan biri "Lion"un gənc istedadı Rayan Çerkidir. Kreativ yarımmüdafiəçi klubun oyun üslubuna uyğun namizədlərdən biri kimi qiymətləndirilsə də, Çerki üçün aparılan yarışda hələlik üstün mövqedə olan klub "Mançester Siti" hesab olunur.
Bundan əlavə, Leverkuzen "Mançester Yunayted"in braziliyalı cinah oyunçusu Antoni ilə də maraqlanır. Erik ten Haqın rəhbərliyi altında həm "Ayaks"da, həm də "Mançester Yunayted"də çıxış etmiş futbolçu üçün Bundesliqaya keçid yeni başlanğıc ola bilər.
"Bayer" rəhbərliyi bu dəyişikliklərin potensial çətinliklərini minimallaşdırmaq üçün transfer bazarında fəallığını artırıb və yay aylarında klubun heyətində əhəmiyyətli yenilənmələr gözlənilir.